Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
GÖZLƏRİ DOĞMA YURD HƏSRƏTİ ÇƏKƏN ŞAİR - ALLAHYAR XOCALI

0

  •         Gerçək şairlər tərifi xoşlamasalar da, həmişə xatırlanmağı qəlbində gizlin istəyirlər. Yaxşı yaradıcılığı olan şairlər zamanla oxucuların hörmət qoyduğu bir insana çevrilirlər.
           Öz dəsti xətti, yüksək istedadı ilə fərqlənən Xocalının gənc şairi Şəhriyar Allahyaroğlu ilə hər görüşümdə atası Allahyar kişini xəbər alıb, əhvalını soruşmuşam. Yaxın vaxtlarda eşitdim ki, Allahyar Xocalı gözündən əməliyyat olub. Onu yad etməyi özümə borc bilərək qocaman şairin müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənddə yaşadığı evdə görüşünə getdim. Şükürlər olsun ki, əməliyyat yaxşı keçmişdir və Xocalını görmək ümidilə şairin həsrətli gözləri ümid və inamla baxır. Görüşümüz əsnasında xoş zarafatları, dəyərli sözləri, gözəl şeirləri ilə özünün sirli-sehrli şair dünyası haqqında təsəvvür yaratdı. Onun vətənpərvərlik və yurd həsrəti mövzusunda yazdığı şeirlər doğma Xocalı üçün nə qədər darıxdığından, düşmənə nifrət və qisas hissindən xəbər verir. Bir gənc kimi Xocalının hər dağına-daşına bələd olan, sözlə doğma el-obasını ən yaxşı şəkildə tərənnüm etdirən şairdən bəhrələnməyə çalışdım.
            Quliyev Allahyar Allahverdi oğlu 1946-cı ilin fevral ayının 3-də Qarabağın Xocalı kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Xocalı səkkizillik məktəbinin 1-ci sinfinə daxil olmuşdur. Orta məktəbi 1964-cü ildə Bakı şəhərində bitirmişdir. 1966-1969-cu illərdə Ukraynada hərbi xidmətdə olmuşdur.
            1974-cü ildə Xankəndi Dövlət Pedaqoji İnstitutuna qəbul olmuş, 1979-cu ildə həmin institutun ibtidai sinif müəllimi fakultəsini bitirmişdir. Qarabağın bir neçə kəndlərində şərəfli müəllimlik peşəsini yerinə yetirmişdir.
            1993-1997-ci illərdə Xocalı şəhər icra nümayəndəsi vəzifəsində işləmişdir. 1966-cı ildən mərkəzi dövrü mətbuatda şer və məqalələrlə çıxış etməyə başlamışdır. Xocalı faciəsinin dəhşətlərindən bəhs edən "Vətən ağrısı, torpaq yanğısı" və "Xocalı soyqırımının qurbanları" kitablarının müəllifidir. Uzun müddət "Xocalının səsi" qəzetində ştatdankənar müxtəlif vəzifələrdə çalışmışdır.
            18 sentyabr 1988-ci ildə erməni birləşmələrindən ibarət 366-cı alayın Xocalıya hücumu zamanı şəhərin müdafiəsində əsil döyüşçü kimi vuruşmuşdur.
             Allahyar Xocalı ilə görüşümüzdə bir çox məsələlərdən söhbət açdıq. Şair bildirdi ki, ölkəmizdəki inkişaf, əmin-amanlıq, Ordumuzun gücü insanı gələcəyə ümidlə baxdırır, Qarabağa qayıtmağa olan inamımızı artırır. Müvəqqəti yaşadığımız qəsəbədə hər cür şəraitlə təmin edilmişik.
            Şair Allayar Xocalı fevral ayının 3-də yeni yaşına qədəm qoyur. Təbii ki, ona etdiyimiz ən gözəl arzu möhkəm cansağlığı, uzun ömürdür. Bununla yanaşı, ürəyi dədə-baba torpaqlarımıza qayıtmağı istəyən dəyərli el ağsaqqalımıza doğma yurd-yuvamızı yenidən görməyi arzulayırıq.
    Əsgəran qalası gəbə naxışlı,
    Dağların döşündə ilmələnibdir.
    Qarabağ - qədimdən qalma arxalıq,
    Yaxası Şuşada düymələnibdir.
               ALLAHYAR XOCALI
                                                                                            Qalib BƏYMƏMMƏDOĞLU


    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib41 dəfə
    GÖZLƏRİ DOĞMA YURD HƏSRƏTİ ÇƏKƏN ŞAİR ALLAHYAR XOCALI

    Maraqlı gələ bilər
    49
    51
    56
    56